İordaniyada pravoslav kilsəsinə terror hücumu törətməkdə şübhəli bilinən üç silahlı şəxs saxlanılıb.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təhlükəsizlik qüvvələri Əl-Karak vilayətinin Hammud bölgəsində yerləşən Müqəddəs Georgi kilsəsinə hücum edən şəxslərin yerini müəyyənləşdiriblər.
Şübhəlilər tərk edilmiş evdə gizlənərək təslim olmaqdan imtina edib və hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıblar.
Baş verən silahlı qarşıdurma zamanı hər üç şəxs yaralanaraq saxlanılıb. Əməliyyat zamanı təhlükəsizlik qüvvələrinin əməkdaşları arasında xəsarət alan olmayıb.
Axtarış zamanı şübhəlilərin gizləndiyi evdən odlu silahlar və döyüş sursatları aşkarlanıb.
Xatırladaq ki, oktyabrın 23-də Hammud bölgəsindəki pravoslav kilsəsində dəfn mərasimi zamanı silahlı hücum baş verib. Hadisə nəticəsində 9 nəfər həyatını itirib, onlarla insan yaralanıb.
Hələlik hücuma görə heç bir təşkilat məsuliyyəti üzərinə götürməyib.

