18–25 yaş aralığı — təhsilin, işin, münasibətlərin və müstəqil həyatın başlandığı dövrdür. Amma həkimlərin xəbərdarlığına görə, məhz bu illərdə bir çox insan ürək sağlamlığını məhv edən vərdişlər qazanır.
The Conversation portalının məlumatına görə, son 15 ildə 40 yaşdan aşağı amerikalılar arasında ürək-damar xəstəliklərinin sayı iki dəfə artıb, siqaret çəkənlər arasında isə üç dəfə. Bununla belə, əksər gənclər infarkt və təzyiqi hələ də “yaşlıların xəstəliyi” hesab edir.
“Artıq 20–25 yaşlı pasiyentlərdə yüksək təzyiq, şəkər və piylənmə hallarını tez-tez görürəm,” — deyə ABŞ-lı kardioloq və tədqiqatçı bildirib. “Bu risklər çox erkən — bəzən hələ məktəbi bitirməzdən əvvəl formalaşır.”
Əsas səbəb aterosklerozdur — yəni damarların divarında yağ və xolesterin çökməsi. Tədqiqatlara görə, ürək sağlamlığı 17 yaşdan etibarən zəifləməyə başlayır.
Nikotin ən təhlükəli amillərdən biridir: 18–23 yaşlılar arasında istifadəsi 2002-ci ildə 21%-dən 2018-də 43%-ə yüksəlib. Bu artım veyp və nikotinli kisəciklərin populyarlaşması ilə bağlıdır. Nikotin damarları zədələyir, lövhə yaranmasını sürətləndirir və infarkt riskini artırır.
Digər ciddi risk — artıq çəki: 25 yaşdan aşağı hər beş nəfərdən biri artıq piylənmə həddindədir. Proqnozlara görə, 35 yaşadək gənclərin 60%-i artıq çəkidən əziyyət çəkəcək.
Həkimlər xəbərdarlıq edir: təzyiqi və şəkəri yoxlamaq, veypdən imtina etmək, piyada gəzmək və ev yeməyi yemək — bunlar sadə görünə bilər, amma məhz bu kiçik addımlar ürəyi onilliklər boyu sağlam saxlayır.
Amerika Kardiologiya Assosiasiyası ürək sağlamlığını qoruyan 8 əsas amili müəyyənləşdirir:
4 davranış amili — gündə 20 dəqiqə fiziki aktivlik, nikotindən uzaq durmaq, 7–9 saatlıq yuxu və balanslı qidalanma;
4 tibbi göstərici — təzyiq, şəkər, xolesterin və bədən kütlə indeksi.
Son illərdə gənclərdə bu dörd göstəricidən üçü pisləşib. Həkimlərin sözünə görə, indi diqqət etməsən, sonradan ürək səni xatırladacaq — amma xoş xatirə kimi yox.

