San-Fransiskodakı “Kindred” klinikasının qastroenteroloqu Saurabx Sethi bildirib ki, demensiya riskini azaltmaq üçün gündə təxminən 30 qram duzsuz qoz-fındıq yemək tövsiyə olunur. Ekspertin fikirlərini Daily Mirror yayıb.
Həkimin sözlərinə görə, qoz-fındıq antioksidantlar, minerallar, lif və faydalı yağ turşuları ilə zəngindir. Bu maddələr bədəndəki iltihabı azaldır, təzyiqi və xolesterini normada saxlayır.
Tədqiqatlar göstərir ki, hipertoniya həm damar mənşəli demensiya, həm də Altsheymer xəstəliyi üçün risk faktorudur. Həmçinin, qanda LDL (“pis xolesterin”) səviyyəsinin yüksək olması bu patologiyaların yaranma ehtimalını artırır.
Ekspert xüsusilə qozun faydasını vurğulayıb — o, bitki mənşəli omega-3 yağ turşusu olan alfa-linolen turşusu (ALA) ilə çox zəngindir.
“Britaniya Biobankının araşdırması göstərib ki, gündə 30 qram duzsuz qoz-fındıq yeyən insanlarda demensiya riski onları ümumiyyətlə yeməyənlərlə müqayisədə 17% aşağıdır”, — deyə Sethi qeyd edib.
Həkim əlavə edib ki, qoz-fındıq möcüzəvi dərman deyil: müsbət təsir yalnız balanslı qidalanma fonunda özünü göstərir. O da xəbərdar edib ki, böyrək daşı meyilli insanlar oksalatı çox olan qoz-fındıqdan (məsələn, badam, Braziliya qozu) uzaq durmalıdırlar. Yüksək təzyiqi olanlar isə duzlu qoz-fındığı məhdudlaşdırmalıdır.

