Süd məhsulları, yaşıl tərəvəzlər, qoz-fındıq, balıq, yumurta və paxlalılar diş minasını möhkəmləndirməyə kömək edir.
DenMedia.az xəbər verir ki, bu barədə stomatoloq Yevgeni Prokopenko LIFE.ru-ya açıqlama verib.
Həkimin sözlərinə görə, sərt pendirlər və alma, yerkökü, kərəviz kimi meyvə-tərəvəzlər dişlər üçün xüsusilə faydalıdır.
“Süd məhsulları kalsium və fosforun əsas mənbəyidir. Bu minerallar diş minasının mikrozədələrdən sonra təbii bərpasında iştirak edir. Mina nə qədər möhkəmdirsə, kariyes və diş həssaslığı riski bir o qədər azdır,” — deyə Prokopenko bildirib.
Həkim əlavə edib ki, pendirlər ağızdakı turşunu neytrallaşdıraraq dişlər üçün əlverişli qələvi mühit yaradır.
İspanaq və brokkoli kalsium və B qrup vitaminlərlə zəngindir, bu tərkib diş ətləri üçün də faydalıdır.
Qoz-fındıq və tumlar fosfor, balıq, yumurta və paxlalılar isə zülal və minerallar baxımından zəngin sayılır.
Prokopenko qeyd edib ki, sərt meyvə-tərəvəzlər dişləri təbii şəkildə təmizləyir:
“Alma, yerkökü və kərəviz çeynənərkən yumşaq diş ərpini aradan qaldıra bilir,” — deyə o vurğulayıb.

 
        
         
                     
                     
                 
                 
                 
                 
                