Meyvələri günün 16:00-a qədər istehlak etmək insulin səviyyəsində kəskin dəyişikliklərin qarşısını almağa kömək edir.
DenMedia.az xəbər verir ki, bu barədə NEWS.ru-ya danışan nutrisoloq Yuliya Popova bildirib. Onun sözlərinə görə, axşam saatlarında meyvə əvəzinə nişastasız tərəvəzlərə üstünlük vermək daha doğrudur. Nutrisoloq qeyd edib ki, səhər və günorta saatlarında orqanizm karbohidratları daha effektiv mənimsəyir, çünki bu, bədənin sirkadiyal ritmləri ilə uzlaşır.
Popova xəbərdarlıq edib ki, axşam “arıqlamaq üçün alma yemək” vərdişi əks nəticə verə bilər:
“Meyvələr sadə şəkərlərin mənbəyidir və onların qəbulu insulinin kəskin buraxılmasına səbəb olur. Hüceyrələrin insulina həssaslığı sirkadiyal ritmlərdən asılıdır — o, səhərlər maksimum olur. Meyvələri saat 16:00-a qədər yeyin. Axşam isə zülal və nişastasız tərəvəz seçin ki, gecə insulin sıçrayışlarından və yağ yığılmasından qaça biləsiniz.”
Mütəxəssis əlavə edib ki, axşam saatlarında bədənin fizioloji prosesləri dəyişir: toxumaların insulina həssaslığı təbii olaraq azalır və bu zaman mədəaltı vəzi daha çox insulin ifraz etməyə məcbur olur.
Popovanın sözlərinə görə:
“Axşam toxumaların insulina həssaslığı azalır. Meyvə şəkərinə cavab olaraq mədəaltı vəzi daha çox hormon buraxır. Enerji sərfiyyatının az olduğu bir vaxtda yüksək insulin yağların parçalanmasını bloklayır, artıq fruktoza isə birbaşa yağa çevrilir — xüsusilə qaraciyərin piylənməsini və visseral piyin artmasını sürətləndirir.”

