Qış aylarında, xüsusilə də şaxtalı günlərdə, insanlarda iştahanın artması tez-tez müşahidə olunur.
Bu barədə LIFE.ru-ya həkim Anastasiya Lebedeva açıqlama verib.
Onun sözlərinə görə, soyuq hava hormonal fonda dəyişikliklərə səbəb olur. Aclıq və toxluq hissini tənzimləyən qrelin və leptin hormonlarının səviyyəsi aşağı temperaturda dəyişə bilər və bu da yemək istəyini artırır.
Nəticədə orqanizm daha çox, xüsusilə də karbohidrat və yağla zəngin qidalara tələbat göstərir. Bu tip qidalar daha tez enerji verir və bədənin isinməsinə kömək edir.
Həkim əlavə edib ki, qışda iştahanın artması həm də termorequlyasiya mexanizmləri ilə bağlıdır. İnsan üşüdükdə bədən istiliyi qorumaq üçün daha çox enerji sərf edir. Bu isə maddələr mübadiləsini sürətləndirir, kalori ehtiyacını artırır və aclıq hissini gücləndirir.
Xüsusilə soyuqda uzun müddət açıq havada olanlar və ya qış idman növləri ilə məşğul olanlar bu vəziyyətə daha həssasdır.

