Vitaminlərin həddindən artıq qəbulu sağlamlıq üçün ciddi risk yarada bilər. Bu barədə həkim-dietoloq, tibb üzrə fəlsəfə doktoru Yelena Solomatina “Moskva 24”ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, vitamin A-nın artıq qəbulu saç tökülməsinə, yaraların gec sağalmasına və selikli qişaların viruslara qarşı həssaslığının artmasına səbəb ola bilər. Dəri quruyur, dırnaqlar kövrəkləşir. Bundan əlavə, oynaq ağrıları, ümumi halsızlıq və xolesterinin yüksəlməsi müşahidə oluna bilər.
Həkim xəbərdarlıq edib ki, vitamin D-nin normadan artıq qəbulu ürək əzələsinin fəaliyyətinə təsir göstərə, oynaq ağrısı və qaşınma yarada bilər.
Solomatina qeyd edib ki, xüsusilə qışın sonunda insanlar yorğunluq və dəri problemlərini görərək vitamin komplekslərini nəzarətsiz şəkildə qəbul etməyə başlayırlar. Bəzi hallarda vəziyyət ağırlaşdıqda dozanı daha da artırırlar ki, bu da əks effekt yaradır.
O, vurğulayıb ki, bütün vitaminlər yalnız həkim məsləhəti və analiz nəticələrinə əsasən qəbul edilməlidir.
Həkim həmçinin B qrupu vitaminləri ilə də ehtiyatlı olmağı tövsiyə edib. Məsələn, B2-nin çoxluğu dəridə quruluq, B12-nin artıq qəbulu isə sızanaqların artmasına səbəb ola bilər.

