Hazır yeməklərin, fastfood və yarımfabrikatların müntəzəm qəbulu orqanizmdə maye tutulmasına və ödemlərin yaranmasına səbəb ola bilər. Bu barədə dietoloq Natalya Mizinova bildirib.
Ekspertin sözlərinə görə, əsas təhlükə bu cür qidalarda həddindən artıq duzun olmasıdır.

“Aşpazlar dadı artırmaq üçün yeməyə çox duz əlavə edir və bu da orqanizmdə suyun tutulmasına səbəb olur.”
Mizinova qeyd edir ki, ödem sadəcə qida reaksiyası deyil, bədənin siqnalıdır. Onun sözlərinə görə, ödemlər hormonal dəyişikliklər, stress, həzm sistemi problemləri və ya yüksək duz qəbulu ilə bağlı ola bilər.
Xüsusilə çips, kolbasa, fastfood, souslar, instant əriştə və hazır yeməklər yüksək duz tərkibi ilə seçilir və ödem riskini artırır.
“Ən çox su saxlayan qidalar məhz duzlu məhsullardır.”
Bundan əlavə, şirin qidalar da ödemə səbəb ola bilər. Ekspert bildirir ki, şəkərin yüksək olması orqanizmdə iltihabi prosesləri artırır, bu isə ödemlə birbaşa əlaqəlidir.
Eyni zamanda alkoqol istifadəsi də risk yaradır. Hətta gecə içilən pivə belə səhər üz nahiyəsində şişkinliyə səbəb ola bilər.

“Ödemin qarşısını almaq üçün ilk növbədə qidalanmaya diqqət etmək lazımdır.”

