Bonn Universitetinin alimləri gözlənilməz kəşf ediblər. Yeni araşdırma zamanı onlar “pis” xolesterini azaltmağın ən sürətli üsullarından birini müəyyən ediblər. Nəticələr Science Daily tərəfindən yayımlanıb.
Araşdırmada təxminən 70 nəfər iştirak edib. Onlarda metabolik sindrom — artıq çəki və qanda lipid səviyyəsinin pozulması ilə müşayiət olunan maddələr mübadiləsi problemi diaqnozu qoyulmuşdu.
İştirakçılar iki qrupa bölünüb və 2 gün xüsusi qidalanma rejiminə əməl ediblər.

Birinci qrup əsasən yulaf sıyığı ilə qidalanıb — gündə 3 dəfə 100 qram olmaqla, az miqdarda meyvə və tərəvəz əlavə edilib.
İkinci qrup isə yulaf qəbul etmədən sadəcə gündəlik kalorilərini təxminən iki dəfə azaldıb.

Nəticələr göstərib ki, hər iki qrupda sağlamlıq göstəriciləri yaxşılaşıb. Lakin yulafla qidalanan qrupda dəyişikliklər daha nəzərəçarpan olub.
“Onlarda zərərli xolesterinin səviyyəsi təxminən 10% azalıb. Bu, əhəmiyyətli göstəricidir. Bundan əlavə, birinci qrupun hər iştirakçısı orta hesabla 2 kiloqram çəki itirib,” — deyə Mari-Kristin Simon bildirib.
Araşdırma müəllifləri qeyd edir ki, qısa müddətli yulaf əsaslı pəhriz sağlamlığa müsbət təsir göstərə bilər. Lakin belə rejim yalnız həkim məsləhəti ilə və maksimum 2 gün tətbiq olunmalıdır.

