Nottingham Universitetinin alimləri müəyyən ediblər ki, bağırsaq sağlamlığının yaxşılaşması osteoartrit zamanı ağrını azaltmağa kömək edə bilər. Tədqiqatın nəticələri Nutrients jurnalında dərc olunub.
Britaniyalı mütəxəssislər aşkar ediblər ki, prebiotik inulin tərkibli əlavə diz ağrısını azaldır və fiziki funksiyaları yaxşılaşdırır.
Altı həftə davam edən araşdırmada diz oynağının osteoartriti olan 117 yetkin iştirak edib. Onlar dörd qrupa bölünüb: birinci qrup inulin qəbul edib, ikinci qrup rəqəmsal fizioterapiya ilə məşğul olub, üçüncü qrup hər iki üsulu birlikdə tətbiq edib, dördüncü qrup isə plasebo qəbul edib.
Nəticələr göstərib ki, gündəlik inulin qəbulu ağrını azaldır və əl sıxma gücünü artırır. Bu göstərici alimlərə görə insanın ümumi fiziki vəziyyətinin mühüm indikatorlarından biri sayılır.

Alimlərin izahına görə, inulin bağırsaqdakı faydalı bakteriyalar üçün qida rolunu oynayır. Bu bakteriyalar fəaliyyət göstərərkən iltihaba və ağrının hiss olunmasına təsir edən maddələr əmələ gətirir.
Araşdırma zamanı iştirakçılarda həmçinin GLP-1 hormonunun səviyyəsinin artdığı müşahidə olunub. Bu hormon ağrının tənzimlənməsi və əzələ vəziyyəti ilə əlaqələndirilir.

Tədqiqat müalicəyə sadiqliyin də yüksək olduğunu göstərib: inulin qəbul edən qrupda iştirakçıların cəmi 3,6 faizi, fizioterapiya qrupunda isə 21 faizi araşdırmanı yarımçıq tərk edib.
Alimlərin fikrincə, belə sadə qida əlavəsi gələcəkdə artritin müalicəsinə rahat və effektiv əlavə üsul ola bilər.

