Uzunmüddətli kalori məhdudiyyəti beynin yaşlanmasını ləngidə və neyronları qoruyan miyelin qatını gücləndirə bilər. Bu nəticəyə Boston Universitetinin alimləri gəlib. Tədqiqatın nəticələri Aging Cell jurnalında dərc edilib.
Tədqiqat hələ 1980-ci illərdə, ABŞ-ın Qocalma Problemləri üzrə Milli İnstitutu ilə birgə başlanıb. İştirakçılar iki qrupa bölünüb:
— Birinci qrup gündəlik kalori qəbulunu təxminən 30% azaldıb.
— İkinci qrup isə rasionunda heç bir dəyişiklik etmədən adi həyat tərzini davam etdirib.
İştirakçıların həyatdan təbii şəkildə köçməsindən sonra alimlər onların beynini tək nüvəli RNT sekvenləşdirmə metodu ilə analiz ediblər. Bu üsul hüceyrə qruplarının molekulyar fəaliyyətini dəqiq qiymətləndirməyə imkan verib.
Nəticə nə göstərdi?
Kalorisi azaldılmış qrupun beyin hüceyrələri metabolik cəhətdən daha sağlam olub. Onlarda:
-
Miyelinlə bağlı genlərin ekspressiyası artıb — bu maddə neyronları örtür və sinir impulslarının sürətli ötürülməsini təmin edir.
-
Glikoliz və yağ turşularının biosintezi ilə bağlı metabolik yollar güclənib — bunlar miyelin qatının yenilənməsi üçün həyati vacibdir.
Alimlərin açıqlamasına görə, yaş artdıqca beynin metabolizmi zəifləyir, oksidləşdirici zədələnmələr artır və bu, miyelinin qorunmasını çətinləşdirir. Nəticədə ağ maddə tədricən deqradasiyaya uğrayır.
Bu araşdırma göstərir ki, 30%-lik uzunmüddətli kalori məhdudiyyəti beynin struktur sağlamlığını qoruyaraq yaşlanma prosesini ləngidə bilər.

