Yeni məlumatlar göstərir ki, yemək müddəti və qəbul vaxtı orqanizmin qocalmasına təsir edə bilər. Erkən yemək daha aşağı risklərlə əlaqələndirilir, gec yemək isə sağlamlıq göstəricilərinin pisləşməsi ilə bağlıdır. Səhər yeməyi və şam yeməyinin vaxtı qocalma sürətinə təsir edir, ən həssas orqanlar isə ürək və qaraciyərdir. Bu barədə Earth.com məlumat yayıb.
NHANES məlumatlarını təhlil edən Meysia Ren (Futszyan Tibb Universiteti) müəyyən edib ki, ən aşağı qocalma riski son yeməyi saat 21:00-dan əvvəl yeyən insanlarda müşahidə olunur. Optimal vaxt isə orqanlara görə fərqlənir: ümumi bədən və ürək üçün təxminən 15:00–17:00, qaraciyər üçün isə 17:00–19:00 aralığı daha uyğundur.
Alimlər bunu gec yeməyin orqanizmin 24 saatlıq bioloji ritmlərini pozması ilə izah edir. Bu zaman bərpa prosesləri zəifləyir, insulin səviyyəsi artır və hüceyrə təmizlənməsi (autofagiya) gecikir.

Gec səhər yeməyi də risklidir: günorta vaxtına yaxın yeyənlərdə qocalma riski səhər 08:00-dan əvvəl yeyənlərlə müqayisədə 61% daha yüksək olub.
Eyni zamanda, gün ərzində çox uzun müddət yeməmək də mənfi təsir göstərir. 16 saatdan çox fasilə verənlərdə qocalma riski iki dəfədən çox artır, xüsusilə ürək üçün.
Tədqiqat göstərir ki, ürək və qaraciyər bu dəyişikliklərə ən həssasdır, böyrəklər isə daha az təsirlənir. 40 yaşdan sonra bu əlaqə daha da güclənir. Kişilərdə şam yeməyinin vaxtı, qadınlarda isə yemək intervalının uzunluğu daha çox təsir göstərir.

Araşdırmada qeyd olunur ki, hətta sağlam qidalanma belə səhv yemək saatlarının təsirini tam kompensasiya etmir. Bununla yanaşı, tədqiqat səbəb-nəticə əlaqəsini tam sübut etmir, lakin nəticələr göstərir ki, yemək vaxtı sağlam qocalmada mühüm rol oynaya bilər.


