Ürək problemləri riskini azaltmaq üçün şam yeməyinin müəyyən vaxtda qəbul edilməsi vacibdir. Bu barədə dietoloq Luis Zamora bildirib. Onun sözlərini El Espanol nəşri yayıb.
Mütəxəssisin sözlərinə görə, infarkt və insultun profilaktikası üçün şam yeməyi saat 20:00-dan gec olmayaraq yeyilməlidir. O xəbərdarlıq edib ki,
“Şam yeməyinin saat 21:00-dan sonra yeyilməsi ürək-damar xəstəlikləri riskinin 28 faiz artması ilə əlaqəlidir.”
Dietoloq həmçinin səhər yeməyi üçün optimal vaxtın da mövcud olduğunu bildirib. Onun fikrincə, ilk qida qəbulu saat 08:00-dan gec olmamalıdır, çünki bu vaxt orqanizm artıq aktiv olur, hormonal balans sabitləşir və kortizol səviyyəsi pik həddə çatır.
Zamora qeyd edib:
“Saat 08:00-dan əvvəl səhər yeməyi yeyən və saat 20:00-dan əvvəl şam edən insanlarda bir növ ‘həyat sığortası’ formalaşır.”
Bununla yanaşı, mütəxəssis ac qarına yatmağın da düzgün olmadığını vurğulayıb və qidalanma rejiminin balanslı saxlanılmasını tövsiyə edib.

