Səhər yeməyi günün ən vacib qidalanma mərhələlərindən biri sayılsa da, onun nə ilə edildiyi düşündüyümüzdən daha önəmlidir. Yaponiyanın Hego Universiteti alimlərinin apardığı araşdırma göstərib ki, şirin və yağlı səhər yeməyi səhər saatlarında zehni fəaliyyətə və ayıqlığa mənfi təsir göstərə bilər.
Araşdırma Food and Humanity jurnalında dərc olunub. Alimlər qeyd edirlər ki, günə şirniyyatlar, ponçiklər və şəkərli içkilərlə başlamaq diqqətin zəifləməsinə, konsentrasiyanın azalmasına və zehni işin ləngiməsinə səbəb olur.
Tədqiqat çərçivəsində səhər yeməyinin vegetativ sinir sisteminə təsiri araşdırılıb. Bu sistem orqanizmdə qeyri-iradi prosesləri tənzimləyir:
– Simpatik sinir sistemi ayıqlıq və aktivliklə,
– Parasimpatik sinir sistemi isə rahatlama və istirahətlə əlaqəlidir.
Araşdırmada 13 sağlam tələbə qız iştirak edib. Onlara fərqli günlərdə, lakin eyni kalorili (təxminən 500 kkal) iki fərqli səhər yeməyi verilib.
Birinci variant balanslı yapon səhər yeməyi olub: düyü, balıq, yumurta, tərəvəz və meyvə.
İkinci variant isə sürətli və “zərərli” səhər yeməyi: ponçik və yüksək şəkərli, yağlı süd içkisi.
Yeməkdən sonra iki saat ərzində iştirakçıların bədən temperaturu, ürək ritmi, zehni test nəticələri ölçülüb, həmçinin özlərini nə qədər ayıq və ya yuxulu hiss etdikləri soruşulub.
Nəticələr aydın olub:
– Balanslı səhər yeməyi bədən temperaturunu və ürək ritmini artırıb, yəni beyin “oyanıb”
– Bu iştirakçılar özlərini daha enerjili hiss edib və planlama, diqqət dəyişmə testlərində daha yaxşı nəticə göstəriblər
Əksinə, şirin və yağlı səhər yeməyi:
– ayıqlıq yaratmayıb
– parasimpatik (yuxululuq) aktivliyi artırıb
– iştirakçılar daha çox yuxululuqdan şikayət ediblər
Araşdırmanın rəhbəri Fumiaki Handzava bildirib ki, səhər yeməyinin keyfiyyəti birbaşa olaraq beynin səhər performansını müəyyən edir. Xüsusilə planlama bacarıqları ciddi şəkildə zəifləyib.
Alimlər qeyd edir ki, şirin qidanın yaratdığı qısa müddətli xoş hiss (şəkərin dopamin təsiri) ümumi zehni enişi kompensasiya etmir.
Qısası, səhər beyni oyatmaq istəyirsənsə, onu şəkərlə aldatma.

