Qara xına ilə dəri üzərinə rəsmlərin çəkilməsi allergiya, kontakt dermatit, kimyəvi yanıq və ağrılı səpkilərə səbəb ola bilər. Bu barədə LIFE.ru-ya açıqlamasında dermatoloq Olqa Andriyanova xəbərdarlıq edib.
Onun sözlərinə görə, bu növ boyanın tərkibinə tez-tez parafenilendiamin (PFD) əlavə olunur. Dermatoloq bildirib ki, bu, zərərli kimyəvi maddədir.
“Təhlükəsiz sayılan yalnız təbii xınadır. O, lavsoniya yarpaqlarının tozundan hazırlanır və tərkibinə limon suyu, çay dəmləməsi, şəkər və digər təbii komponentlər əlavə olunur. Problem ondadır ki, parlaq və qalıcı rəsmlər yaratmaq üçün ustalar çox vaxt sintetik qarışıqlardan istifadə edirlər”, — deyə Andriyanova vurğulayıb.
Həkim əlavə edib ki, tərkibində PFD olan vasitələr suluqların yaranmasına, dərin yanıqlara və qalıcı çapıqlara səbəb ola bilər.
Ən böyük risk bu maddələrin nazik dəriyə — əllərə, biləklərə və üzə çəkilməsi zamanı yaranır. Bəzi hallarda zədələr ömürlük qalır və onların aradan qaldırılması uzunmüddətli, mürəkkəb müalicə tələb edir.

