Kolbasa məhsullarının təxminən 80%-i kimyəvi qatqılar və kanserogen maddələrdən ibarətdir.
Denmedia.az xəbər verir ki, bunu NEWS.ru-ya açıqlamasında Dövlət Maarifləndirmə Universitetinin cərrahiyyə kafedrasının müəllimi Aleksandr Umnov bildirib.
Onun sözlərinə görə, məhsulun cəmi beşdə biri ətdən ibarətdir, qalan hissə isə istehsalçının “vicdanına buraxılıb.”
“Təəssüf ki, kolbasa tam ət məhsulu deyil. Ətin payı maksimum 20%-dir, qalanı isə müxtəlif kimyəvi maddələr, doldurucular və qoruyuculardır. Ət komponenti də çox vaxt hərəkəti məhdudlaşdırılmış, keyfiyyətsiz yemlə bəslənən və antibiotiklərlə yüklənmiş heyvanlardan əldə olunur. Bu da sonradan insanda ciddi xəstəliklər yarada bilən supermüqavimətli mikroorqanizmlərin əmələ gəlməsinə səbəb olur,” — deyə o izah edib.
Umnov qeyd edib ki, istehsal zamanı heyvanın demək olar ki, bütün hissələrindən — yağ, buynuz, dırnaq və s. — istifadə olunur.
“Zülalların emalı zamanı yüksək dərəcədə kanserogen olan nitrozaminlər əmələ gəlir. Məhsula parlaq rəng vermək üçün çox vaxt natrium nitriti əlavə olunur. Bu maddə çürüməni ləngidən konservantdır, amma onun cəmi 6 qramı insan üçün ölümcül ola bilər. Bundan əlavə, kolbasalarda çoxlu duz var, bu da bədəndə suyun toplanmasına və böyrəklərə əlavə yük düşməsinə səbəb olur,” — deyə alim əlavə edib.

