Limon suyu, soda, darçın, çiy yumurta və şəkər kimi təbii məhsullar ev şəraitində hazırlanan üz maskalarında tez-tez istifadə olunur. Lakin bu cür vasitələr dəriyə ciddi zərər verə bilər. Bu barədə “Gazeta.Ru”ya kimya elmləri namizədi, RTU MİREA-nın Biotexnologiya və sənaye əczaçılığı kafedrasının dosenti Aleksey Panov bildirib.
Mütəxəssisin sözlərinə görə, limon suyu təxminən pH 2 səviyyəsində limon turşusu ehtiva edir. Halbuki sağlam dəri baryerinin turşuluq səviyyəsi pH 4,5–5,5 arasında olur. Limon suyunun dəriyə çəkilməsi kimyəvi yanığa səbəb ola bilər. Bu təsir dərhal görünməyə bilər, lakin bir neçə saat sonra dəridə qızartı, qabıqlanma, günəş şüası ilə təmasdan sonra isə qalıcı piqment ləkələri yarana bilər.
Panov bildirib ki, limonun tərkibindəki furokumarinlər dərini ultrabənövşəyi şüalara qarşı həddindən artıq həssas edir. Bu təsir limonla təmasdan sonra iki günədək davam edə bilər.
Qida sodası da dəri üçün təhlükəli ola bilər. Soda məhlulu təxminən pH 8 səviyyəsində zəif qələvi mühit yaradır. Onu bəzən dərini təmizləmək və qara nöqtələrlə mübarizə üçün istifadə edirlər. Lakin qələvi dəriyə nəmi saxlayan və bakteriyalardan qoruyan lipid baryerini dağıdır. Nəticədə bir-iki prosedurdan sonra dəri quruyur, qabıqlanır və qızarır.
Ekspertin sözlərinə görə, dərinin qoruyucu qatının tam bərpası ən azı iki həftə çəkir. Bu müddət ərzində dəri qıcıqlanma və susuzlaşmaya qarşı həssas qalır.
Darçın isə tərkibindəki evgenol və darçın aldehidi səbəbindən üzdə güclü qıcıqlanma və kimyəvi yanıq yarada bilər. Darçın və baldan hazırlanan maska zamanı yaranan yanma hissi bəzən “aktiv təsir” kimi qəbul edilir. Əslində isə bu, dərinin üst qatının zədələndiyini göstərən siqnaldır. Bir neçə saat sonra həmin nahiyədə suluqlar əmələ gələ bilər.
Çiy yumurta, süd məhsulları və meyvə püreləri isə xüsusilə otaq temperaturunda saxlandıqda mikroorqanizmlərin çoxalması üçün əlverişli mühitə çevrilir. Panov qeyd edib ki, sənaye kosmetikasında konservantlardan və ciddi tərkib nəzarətindən istifadə olunur, ev qarışıqlarında isə belə qoruma yoxdur. Buna görə də bu məhsulları zədələnmiş və ya qıcıqlanmış dəriyə çəkmək xüsusilə təhlükəlidir.

Şəkər kristalları ilə hazırlanan ev skrabları da dəridə mikrozədələr yarada bilər. Həssas və kuperozlu dəri üçün mexaniki skrablar ümumiyyətlə tövsiyə edilmir.
Bundan başqa, sitrus meyvələri, bal, qoz-fındıq və giləmeyvələr güclü qida allergenləri sırasına daxildir. Dəridə allergik reaksiya mədədə olduğundan daha sürətli və kəskin inkişaf edə bilər. Qızartı, şişkinlik, qaşınma və xırda suluqlar dərinin yad zülala standart reaksiyasıdır.

Panov ev maskasını üzə çəkməzdən əvvəl qarışığı istifadə etmədən bir sutka əvvəl dirsəyin iç qatında test etməyi məsləhət görür. Əgər maska dərini yandırır və ya göynədirsə, onu tətbiq etmək olmaz. Qarışığı üzdə göstərilən müddətdən artıq saxlamaq tövsiyə edilmir, maskanı isə ilıq su ilə, dərini sürtmədən yumaq lazımdır.

