İsti hava insanın qərarvermə prosesini yavaşlada və diqqətini zəiflədə bilər.
Klinik psixoloq Zeynep Betül Alp bildirib ki, araşdırmalar uzun müddət isti havaya məruz qalmağın diqqət, konsentrasiya, işlək yaddaş və problem həll etmə qabiliyyətinə mənfi təsir göstərə biləcəyini ortaya qoyur.
Onun sözlərinə görə, isti mühitdə beyin eyni anda həm zehni tapşırıqları yerinə yetirməyə, həm də bədən temperaturunu tənzimləməyə çalışır. Bu isə sinir sisteminin resurslarının iki fərqli istiqamətə bölünməsi deməkdir.

Nəticədə insanın zehni performansı zəifləyə, səhv etmə ehtimalı arta və qərarvermə prosesi ləngiyə bilər. Xüsusilə yaşlılar, uşaqlar, xroniki xəstəlikləri olan şəxslər və yüksək zehni performans tələb edən işlərdə çalışanlar isti havanın təsirindən daha çox əziyyət çəkə bilərlər.
Alp qeyd edib ki, həddindən artıq isti şəraitdə maye və elektrolit itkisi baş verdikdə beyinə gedən qan axını və oksigen miqdarı da təsirlənə bilər. Bu isə diqqət, qərarvermə, məlumatı emal etmə sürəti və digər yüksək səviyyəli zehni funksiyalarda müvəqqəti pozuntulara səbəb ola bilər.

Mütəxəssisin sözlərinə görə, isti hava insanın özünü daha yorğun, dalğın və zehni baxımdan daha ləng hiss etməsinə yol aça bilər.
O, isti vurmanın tibbi baxımdan təcili müdaxilə tələb edən ciddi vəziyyət olduğunu da vurğulayıb. Bədən temperaturu həddindən artıq yüksəldikdə beyindəki qoruyucu mexanizmlər zəifləyə bilər. Bu zaman huş bulanıqlığı, danışıq pozuntusu, istiqamət hissinin itməsi, davranış dəyişiklikləri, qıcolmalar və ağır hallarda koma müşahidə oluna bilər.
Klinik psixoloq isti havalarda yaranan əsəbilik və narahatlığın həm bioloji, həm də psixoloji səbəblərlə bağlı olduğunu bildirib. Yüksək temperatur yuxu keyfiyyətini poza, fiziki narahatlıq hissini artıra və insanın stresə dözümlülüyünü azalda bilər.

Alp isti havalarda beynin mənfi təsirlərdən qorunması üçün gün ərzində susamağı gözləmədən su içməyi, xüsusilə günorta saatlarında uzun müddət günəş altında qalmamağı, qapalı məkanları havalandırmağı və ağır fiziki fəaliyyətləri günün daha sərin saatlarına planlaşdırmağı tövsiyə edib.
Onun sözlərinə görə, beyin funksiyalarının sağlam şəkildə davam etməsi üçün ən vacib şərt bədənin maye və temperatur balansının qorunmasıdır.

