Göyçay şəhərində şəhərdaxili marşrut avtobuslarında kondisioner sisteminin olmaması yay mövsümündə sərnişinlər və sürücülər üçün ciddi çətinliklər yaradır.
Bu barədə Denaztv-ə müsahibəsində sərnişinlər, eləcədə sürücülər bildiriblər.
Havanın kəskin istiləşməsi ilə birlikdə ictimai nəqliyyat vasitələrinin daxilində temperatur normadan xeyli yüksək olur. Nəticədə sərnişinlər, xüsusilə uşaqlar, yaşlılar və sağlamlıq problemi olan şəxslər uzun yol ərzində ciddi narahatlıq yaşayırlar.
Sürücülər isə günün böyük hissəsini isti və havasız şəraitdə keçirdiklərini bildirirlər. Bu vəziyyət onların yorğunluğunu artırır, diqqət və reaksiya qabiliyyətinə mənfi təsir göstərir ki, bu da yol hərəkəti təhlükəsizliyi baxımından risk yaradır.
Sərnişinlər qeyd edirlər ki, yay aylarında kondisionersiz avtobuslardan istifadə çətinləşdiyinə görə bir çox insan alternativ nəqliyyat vasitələrinə üstünlük verir. Bu da şəhərdaxili hərəkətdə əlavə sıxlıq və narazılıqların yaranmasına səbəb olur.
Aqil Əsədov
Denmedia.az

