Nevroloq İqor Maltsev demensiya riskini azaltmağın yollarından danışıb. Həkim RT-yə müsahibəsində bildirib ki, bunun üçün müntəzəm fiziki və intellektual fəaliyyət vacibdir.
Onun sözlərinə görə, beyin funksiyalarını daha uzun müddət qorumaq üçün daimi zehni məşğulluq böyük əhəmiyyət daşıyır.
“Daimi intellektual yük vacibdir: kitab oxumaq, yeni bacarıqlar öyrənmək, məntiqi tapşırıqlar həll etmək və digər zehni fəaliyyət növləri beyin funksiyalarının daha uzun müddət saxlanmasına kömək edir”, - deyə həkim bildirib.
Maltsev həmçinin müntəzəm fiziki aktivliyin və düzgün qidalanmanın əhəmiyyətini vurğulayıb.

Həkimin sözlərinə görə, siqaret çəkmək və spirtli içki qəbul etmək koqnitiv pozuntuların inkişaf riskini artırır. Bu, damar divarlarının zədələnməsi və beyinə toksik təsirlə bağlıdır.
Nevroloq sürətli karbohidratların həddindən artıq qəbulunun da risk yaratdığını qeyd edib. Belə qidalar şəkərli diabet ehtimalını artıra bilər. Diabet isə tədricən damarların vəziyyətini pisləşdirir və beynin qanla təchizatına mənfi təsir göstərə bilər.

