Yay aylarında havanın temperaturunun və rütubətin artması ürək-damar sistemi üçün əlavə risk yarada bilər.
Türkiyənin kardiologiya üzrə mütəxəssis Dr. Ender Özal bildirib ki, isti hava xüsusilə ürək xəstəlikləri olan insanlar üçün ciddi yükə çevrilə bilər.
Onun sözlərinə görə, temperatur və rütubətin yüksəlməsi ürək krizi, təzyiq problemləri və ürək çatışmazlığı kimi xəstəliklərin daha çox müşahidə olunmasına səbəb ola bilər.
Həkim qeyd edib ki, isti havalarda orqanizm bədən temperaturunu tənzimləmək üçün daha çox çalışır. Bu isə ürəyin yükünü artırır və risk qrupunda olan şəxslərdə narahatlıq yarada bilər.

Dr. Özal xüsusilə qəfil yaranan sinə ağrısı, nəfəs darlığı, ürək döyüntüsünün sürətlənməsi, bayılma hissi və ya təzyiqdə ani dəyişikliklər zamanı vaxt itirmədən həkimə müraciət etməyin vacib olduğunu vurğulayıb.
Mütəxəssis isti havalarda ürək-damar sağlamlığına daha diqqətli yanaşmağı, günün ən isti saatlarında uzun müddət açıq havada qalmamağı və bədəndə maye çatışmazlığına yol verməməyi tövsiyə edib.

