Təravətli, xırçıldayan və faydalı bu salat yüngül axşam yeməyi və ya ara yemək üçün ideal seçimdir.
Salatın 100 qramında təxminən 30-35 kalori var. Buna baxmayaraq, tərkibindəki lif sayəsində toxluq hissi yaradır. Sarımsaqlı qatıq isə salata daha xoş və ətirli dad verir.
Hazırlamaq üçün 300 qram təzə kələm, 2 ədəd təzə xiyar, bir dəstə şüyüd, 150 qram qatıq, 1 diş sarımsaq, duz və istiot lazımdır.

Kələm nazik doğranır, üzərinə az miqdarda duz əlavə edilərək əllə yüngül ovulur. Xiyar nazik samanvari və ya kub şəklində doğranır. Şüyüd xırda doğranır.
Daha sonra kələm, xiyar və şüyüd bir qaba əlavə edilir. Sous üçün qatıq, əzilmiş sarımsaq, duz və istiot qarışdırılır. Hazır sous salatın üzərinə əlavə edilir və yaxşıca qarışdırılır.
Bu salat həm azkalorili, həm də doyurucu olduğu üçün sağlam qidalanmaq istəyənlər üçün uyğun seçimdir.

