Onkoloji xəstəliklərin profilaktikası üçün qara və bənövşəyi lobya istehlakı tövsiyə olunur.
Bu barədə dietoloq Rimma Moysenko “Radio 1”ə açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, bu məhsulun tərkibində güclü antioksidantlar sayılan polifenollar var. Onlar orqanizmdə sərbəst radikallarla mübarizəyə kömək edir və sağlamlığın qorunmasında mühüm rol oynayır.

Moysenko qeyd edib ki, qara lobya polifenolların miqdarına görə xüsusilə seçilir:
“Klinik tədqiqatlar göstərib ki, qara lobya ən çox polifenol ehtiva edən məhsullardan biridir. Rəng nə qədər tünd və parlaqdırsa, polifenolların miqdarı da bir o qədər çox olur. Məhz bu maddələr sərbəst radikalları neytrallaşdıraraq onkoloji xəstəliklərin inkişaf riskinin azalmasına kömək edir. Onlar bizi ürək xəstəliklərindən də qoruyur”, — deyə dietoloq bildirib.
Mütəxəssis əlavə edib ki, qara və bənövşəyi lobya ürək sağlamlığının dəstəklənməsi baxımından da faydalı hesab olunur.

