Araşdırmalar göstərir ki, yaş artdıqca koqnitiv aktivlik azalır və yaddaş problemləri yarana bilər. Fəlsəfə doktoru və neyrobioloq Patrisiya Qranek 40 yaşdan yuxarı insanların sağlamlığını dəstəkləmək üçün rasionda olması vacib sayılan iki məhsulu qeyd edib.
Patrisiya Qranek hesab edir ki, qidalanma baş beynin sağlamlığının qorunmasında çox mühüm rol oynayır. Neyrobioloqun fikrincə, koqnitiv funksiyaları yaxşılaşdırmağa kömək edə bilən ən təsirli məhsullar arasında brokoli və çia toxumları var.
“Bütün yaşıl tərəvəzlər arasında məhz brokoli qida maddələrinin ən güclü mənbəyidir. Onların içində K vitamini və antioksidantlar beyin fəaliyyəti üçün xüsusilə qiymətlidir. Antioksidantlar yaşla bağlı koqnitiv qabiliyyətlərin azalmasına birbaşa təsir edən oksidləşdirici stresslə mübarizədə effektivdir”, — deyə Patrisiya Qranek bildirib.
İkinci əsas komponent — K vitamini sfinqolipidlərin yaranmasında iştirak edir. Bu isə o deməkdir ki, K vitamini və onun əsas mənbələrindən biri olan brokoli baş beyin hüceyrələrinin struktur bütövlüyünü möhkəmləndirməyə kömək edə bilər. Bu barədə She Finds nəşri yazır.

“Çia toxumları omeqa-3 yağ turşuları, xüsusilə alfa-linolen turşusu ilə zəngindir. Məhz bu yağ turşuları 40 yaşdan yuxarı insanlarda yaddaşı və koqnitiv funksiyaları yaxşılaşdırır. Bundan başqa, bir çox dietoloq bu məhsulu arıqlama zamanı əlavə faydalı inqrediyent hesab edir”, — deyə neyrobioloq izah edib.
Bu iki məhsulun faydasını almaq üçün doktor Qranek onları gündəlik rasiona daxil etməyi tövsiyə edir. Bunun üçün səhərlər yumurtaya brokoli və çia toxumları əlavə etmək kifayətdir.
Patrisiya Qranek brokolini bir qədər pörtlətməyi və ya bir neçə dəqiqə qaynar suda saxlamağı, daha sonra doğramağı məsləhət görür. Belə olduqda məhsul qida maddələrini qoruyur. Çia toxumlarını isə istifadə etməzdən əvvəl qəhvəüyüdən, yüksək sürətli blender və ya mətbəx kombaynı ilə bir qədər xırdalamaq tövsiyə olunur. Bu, onların orqanizm tərəfindən daha asan mənimsənilməsinə kömək edir. İnqrediyentləri yumurtaya əlavə edib orta odda qayğanaq və ya omlet şəklində hazırlamaq olar.

