Apteklərdə satılan arıqlama çayları mədə-bağırsaq sistemi ilə bağlı problemi olan insanlarda mədə selikli qişasının qıcıqlanmasını artıra bilər.
Bu barədə RIAМО-ya qastroenteroloq Yevgeni Belousov bildirib.
Həkimin sözlərinə görə, belə çaylar xüsusilə mədə xorası və qastrit zamanı əks-göstəriş hesab olunur.
Mütəxəssis qeyd edib ki, ürək xəstəlikləri olan şəxslər də bu içkilərdən uzaq durmalıdırlar. Çünki arıqlama çayları aritmiya və ürək döyüntülərinin sürətlənməsi riskini artıra bilər.

Bundan başqa, böyrək problemi olan insanlarda bu çayların tərkibindəki sidikqovucu komponentlər orqanizmə əlavə yük yaradır. Qaraciyər xəstəlikləri olan pasiyentlər üçün də bu içkilər təhlükəli ola bilər, çünki toksiki hepatit riski istisna edilmir.
Belousov vurğulayıb ki, aptek arıqlama çaylarının effektivliyi yüksək deyil. Onun sözlərinə görə, bu çaylarla nəzərəçarpacaq nəticə əldə etmək mümkün deyil. Təsir yalnız pəhriz və fiziki aktivliklə birlikdə müəyyən dərəcədə hiss oluna bilər.
Həkim belə vasitələrdən istifadə etməzdən əvvəl xüsusilə xroniki xəstəliyi olan şəxslərə mütəxəssislə məsləhətləşməyi tövsiyə edir.

