İdmançılar arasında geniş istifadə olunan kreatin bəzi insanlar üçün təhlükəli ola bilər.
Uroloq Andrey Smernitski LIFE.ru-ya açıqlamasında bildirib ki, kreatin xüsusilə gizli böyrək problemi olan şəxslərdə sağlamlıq risklərini artıra bilər.
Həkimin sözlərinə görə, bu əlavə artıq mövcud olan böyrək funksiyası pozuntularını daha da ağırlaşdıra bilər.
“Sağlam insanlarda belə kreatin qanda kreatinin səviyyəsini artıra və böyrəklərin filtrasiya göstəricisini aşağı sala bilər. Çünki kreatin orqanizmdə kreatininə çevrilir. Məhz bu göstərici böyrəklərin işini qiymətləndirmək üçün istifadə olunur”, — deyə Smernitski bildirib.
O qeyd edib ki, kreatin qəbulu bəzi hallarda yeni başlayan xroniki böyrək çatışmazlığının aşkarlanmasını çətinləşdirə bilər.
Həkim böyrək problemi olan, böyrəyə zərər verə bilən dərmanlar qəbul edən və spirtli içkidən sui-istifadə edən şəxslərin kreatin qəbulunda xüsusilə ehtiyatlı olmalı olduğunu vurğulayıb.
Smernitskinin sözlərinə görə, belə insanlarda kreatin vəziyyətin pisləşməsinə səbəb ola bilər. Ağır hallarda isə bu, kəskin böyrək çatışmazlığı riski yarada bilər.

