Mədə-bağırsaq xəstəlikləri olan, eləcə də xroniki xəstəlikləri kəskinləşən insanların gilas yeməsi arzuolunmazdır. Bunu “Veçernyaya Moskva”ya açıqlamasında dietoloq Natalya Lazurenko bildirib.
Onun sözlərinə görə, xüsusilə disbiozdan və mədə-bağırsaq sisteminin fəaliyyətində pozuntulardan əziyyət çəkən şəxslər gilasdan uzaq durmalıdırlar. Səbəb isə bu giləmeyvənin tərkibində meyvə turşularının olmasıdır.

“Gilas belə insanlarda xəstəliyin daha da kəskinləşməsinə və ya xoşagəlməz simptomlara səbəb ola bilər. Məsələn, epiqastral nahiyədə ağrılar və dispepsiya ilə bağlı pozuntular yarana bilər. Diabet xəstələri isə gilas yeyə bilərlər, çünki bu, rasionda müxtəliflik yaradır. Ən vacibi özünə zərər verməməkdir. Gilası çox miqdarda yemək lazım deyil. Bu giləmeyvə şirniyyat kimi qəbul edilməlidir”, — deyə Lazurenko qeyd edib.
Bununla yanaşı, həkimin sözlərinə görə, gilas faydalı maddələrlə zəngindir. Onun tərkibində B qrupu vitaminləri, C vitamini və mikroelementlər var.

Mütəxəssis artıq çəki və digər problemlərlə üzləşməmək üçün gilası ölçülü miqdarda yeməyi tövsiyə edib.

