Misirdə arxeoloqlar Aralıq dənizi sahilində 18 qədim məzar aşkar ediblər. Qəbiristanlıqda onlarla qızıl “dil” tapılıb.
Bu barədə Live Science məlumat yayıb.
Marina-əl-Alameyn şəhərində aşkarlanan məzarların Ptolemey dövrünə, yəni e.ə. 322-30-cu illərə, yaxud Roma dövrünə — e.ə. 30-cu ildən eramızın 395-ci ilinədək olan mərhələyə aid olduğu bildirilir.
Alimlər böyük dərinlikdə qazılmış 11 məzarda, eləcə də daha dayaz 7 məzarda ümumilikdə 24 qızıl “dil” tapıblar. Bu amuletlər mumiyaların ağzına qoyulurdu ki, onların Osirisin məhkəməsi zamanı tanrılarla danışa biləcəklərinə inanılırdı.

Məzarların yaxınlığında qurban mərasimi üçün nəzərdə tutulduğu ehtimal edilən altar da aşkarlanıb. Onun qapı formasında olan əsası dirilər dünyası ilə ölülər dünyası arasındakı sərhədin simvolu hesab olunur.
Tapılan qızıl “dillərdən” biri Horusun gözü formasında hazırlanıb. Qədim Misir inanclarında bu simvol şərdən qoruyan əlamət sayılırdı.
Məzarların içərisində həmçinin 2,5 metrlik qranit sarkofaq, onun qapağı və Afrodita heykəlinin bir hissəsi aşkar edilib. Bu tapıntılar Misir və yunan-Roma ənənələrinin qarışdığını göstərir.

