Keşnişin efir yağı ağız və mədənin selikli qişasında yanığa səbəb ola bilər. Bu barədə psixoloq və nutrisioloq Anna Slip NEWS.ru-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, keşnişin toxumundan — koriandrdan hazırlanan efir yağı isə sakitləşdirici təsirə malikdir.
Mütəxəssis qeyd edib ki, keşniş və koriandr dadına və faydalı xüsusiyyətlərinə görə geniş istifadə olunur. Lakin bəzi aromaterapevtlərin qidaya əlavə etməyi tövsiyə etdiyi efir yağları yüksək konsentrasiyalı maddələrdir.
Bu yağların çox miqdarda istifadəsi ağız, qida borusu və mədənin selikli qişasını zədələyə, hətta güclü yanıq yarada bilər.

Slip bildirib ki, koriandr yağının tərkibində 78 faizə qədər linalool ola bilər. Bu maddə yüksək dozada sakitləşdirici təsir göstərir, yuxululuq yaradır və sakitləşdirici preparatların təsirini gücləndirə bilər.
Onun sözlərinə görə, bir neçə damcı yağ belə linaloolun gündəlik normasını təmin edə bilər. Gün ərzində yaranan yuxululuq isə yuxu rejimini poza və gecə yatmağı çətinləşdirə bilər.
Mütəxəssis əlavə edib ki, çətirkimilər fəsiləsinə aid olan keşnişin tozcuqları həssas insanlarda allergik reaksiyalara səbəb ola bilər.

Bununla belə, o vurğulayıb ki, adi keşniş və koriandr vitaminlər, minerallar, lif və antioksidantlarla zəngin olduğuna görə qida rasionunda faydalı əlavələr olaraq qalır. Risk əsasən onların konsentrat efir yağlarının düzgün istifadə edilməməsi ilə bağlıdır.

