40 yaşdan sonra beyində yaşla bağlı dəyişikliklərin qarşısını almaq üçün arterial təzyiqi mütəmadi nəzarətdə saxlamaq və eşitmə qabiliyyətini yoxlatdırmaq xüsusilə vacibdir. Bunu Nyu-Yorkdakı Lenox Hill Xəstəxanasının neyrocərrahı doktor Rendi D’Amiqo bildirib. Mütəxəssisin sözlərini “New York Post” yayıb.
Həkimin sözlərinə görə, yüksək arterial təzyiq beyin sağlamlığı üçün ən çox lazımi qədər qiymətləndirilməyən risk amillərindən biridir. Hipertoniya damarları zədələyir və zaman keçdikcə insult, həmçinin demensiya da daxil olmaqla koqnitiv pozuntular riskini artıra bilər.
Bu səbəbdən həkim arterial təzyiqi mütəmadi ölçməyi və ehtiyac yarandıqda onu müalicə həkimi ilə birlikdə nəzarətə götürməyi tövsiyə edir.
“Eşitmə qabiliyyətinə nəzarət etmək də az əhəmiyyət daşımır. Müalicə olunmayan eşitmə zəifliyi demensiya riskinin artması ilə əlaqələndirilir. Eşitmə qabiliyyətinin azalması sosial aktivliyi məhdudlaşdıra və beynin yükünü artıra bilər. Buna görə də eşitmə problemlərini yalnız yaşla əlaqələndirmək olmaz”, – deyə ekspert bildirib.
Bununla belə, neyrocərrah vurğulayıb ki, beyin sağlamlığı yalnız bu iki göstəricidən asılı deyil. Onun tövsiyəsinə görə, 40 yaşdan sonra xolesterin və qan şəkərinin səviyyəsi də mütəmadi yoxlanılmalıdır. Çünki maddələr mübadiləsində və damarların vəziyyətində yaranan pozuntular beyin xəstəlikləri riskinə təsir göstərə bilər.
Həkim həmçinin koqnitiv funksiyaları qorumaq üçün həftədə ən azı 150 dəqiqə fiziki aktivlik, güc məşqləri və 7–9 saat yuxu tövsiyə edib.
Bundan əlavə, stressi idarə etməyi öyrənmək, sosial əlaqələri qorumaq və yeni bacarıqlar əldə etmək də beyin sağlamlığı üçün faydalı hesab olunur.

