Yüksək arterial təzyiq, ikinci tip şəkərli diabet və damarların aterosklerotik dəyişiklikləri müalicə olunmadıqda ürək əzələsinin vaxtından əvvəl zəifləməsini sürətləndirə bilər.
Rusiyanın Səhiyyə Nazirliyinin baş kardioloqu Sergey Boytsov RİA Novosti-yə açıqlamasında bildirib ki, ürək uzun müddət “gənc” qala bilən orqanlardan biridir. Lakin insan hipertoniya və digər risk amillərinə qarşı tədbir görmədikdə bu proses sürətlənir.
Mütəxəssisin sözlərinə görə, ürəyin vaxtından əvvəl qocalmasına səbəb olan əsas amillər bunlardır:
Arterial hipertoniya — çox vaxt maddələr mübadiləsi və ürək-damar sistemindəki pozuntuların birlikdə inkişaf etdiyi metabolik ürək-damar sindromu fonunda yaranır.
İkinci tip diabet — həm kiçik damarları, həm də iri elastik arteriyaları zədələyir.
Koronar arteriyalarda aterosklerotik lövhələr — ürək əzələsinə gedən qan və oksigen miqdarını azaldır. Nəticədə toxumalarda fibroz dəyişiklikləri yarana bilər.
Həkim vurğulayıb ki, bu xəstəliklərin vaxtında aşkarlanması və müalicəsi ürəyin zədələnmə sürətini azaltmağa kömək edir.

