Uşaqlıqdan bir çoxumuza səhər yeməyini buraxmamağın vacib olduğu öyrədilib. Lakin səhərlər ümumiyyətlə iştaha yoxdursa, özünü məcbur edib yemək hər zaman düzgün yanaşma olmaya bilər.
Skandinaviya Sağlamlıq Mərkəzinin qastroenteroloqu Olqa Çistik “Gazeta.Ru”ya açıqlamasında bildirib ki, hər insanın orqanizminin fərqli qidalanma ritmi var və səhər yeməyini mütləq erkən saatlarda yemək tələb olunmur.
Həkimin sözlərinə görə, klinik praktikada insanlar şərti olaraq üç qrupa bölünür. Birinci qrupa səhərlər zülal və mürəkkəb karbohidratlardan ibarət tam səhər yeməyi yeməyi rahat hesab edənlər daxildir. İkinci qrupda iştaha yalnız saat 11:00–12:00 radələrində yaranır. Üçüncü qrup isə əsas qida qəbulunu 14:00–20:00 arasında edir.
Çistik vurğulayıb ki, iştahası gec açılan insanı səhər saat 7-də yeməyə məcbur etmək onun fizioloji ritminə uyğun olmaya bilər.
Həkimə görə, əsas göstərici ilk yeməyin hansı saatda olması deyil, gecə ərzində yeməksiz qalınan ümumi müddətdir. Əksər insanlar üçün 12–14 saatlıq interval məqbul hesab olunur. İnsan özünü yaxşı hiss edirsə, çəkisində ciddi dəyişiklik yoxdursa və mədəsində ağrı yaranmırsa, səhər yeməyinin olmaması problem yaratmaya bilər.
Bununla belə, bəzi hallarda səhər yeməyini buraxmaq məsləhət görülmür. Bunlara şəkərli diabet, xora xəstəliyi, öd daşı xəstəliyi və hamiləlik daxildir.
Mütəxəssis həmçinin acqarına qəhvə içməyin, eləcə də səhər yeməyini buraxdıqdan sonra günorta bunu şirin xəmir yeməkləri ilə kompensasiya etməyin düzgün olmadığını bildirib. Onun sözlərinə görə, belə vərdişlər mədə-bağırsaq narahatlığına, qan şəkərində kəskin dəyişikliklərə və artıq çəkiyə yol aça bilər.

Səhərlər iştahası olmayanlara oyandıqdan sonra bir stəkan ilıq su içmək, acqarına qəhvə əvəzinə bitki çayı və ya südlü kakao seçmək tövsiyə edilir. İlk yemək hansı saatda olursa-olsun, onun tərkibində zülal, tərəvəz və yavaş həzm olunan karbohidratların olması məsləhətdir. Son yeməyin isə yatmazdan ən azı üç saat əvvəl qəbul edilməsi tövsiyə olunur.
Qastroenteroloq qeyd edib ki, hamı üçün keçərli universal qidalanma saatı yoxdur: səhər yeməyi olmadan özünü yaxşı hiss edən insan buna görə özünü məcbur etməməli, səhərlər aclıq hiss edənlər isə tam və balanslı qidalanmadan imtina etməməlidir.

