Səhər yeməyində yalnız meyvə yemək uzunmüddətli toxluq hissi yaratmaya və qanda şəkərin səviyyəsini sürətlə yüksəldə bilər. Bu barədə NEWS.ru-ya nutrisoloq Anna Slip bildirib.
Onun sözlərinə görə, xüsusilə istirahət zamanı insanlar tez-tez səhər yeməyini meyvə ilə əvəz edirlər. Meyvələr faydalı olsa da, onların tərkibində zülal və yağ çox azdır. Bu səbəbdən yalnız meyvədən ibarət səhər yeməyi gün ərzində daha tez acmağa səbəb ola bilər.

Slip qeyd edib ki, acqarına meyvə yemək qanda şəkərin əvvəlcə sürətlə qalxmasına, bir neçə saat sonra isə enməsinə gətirib çıxara bilər. Bu eniş insan tərəfindən güclü aclıq kimi hiss olunur və daha çox yemək istəyini artıra bilər.
Nutrisoloqun sözlərinə görə, daha balanslı səhər yeməyi üçün meyvənin yanına yumurta, pendir və ya kəsmik əlavə etmək daha məqsədəuyğundur. Belə olduqda qanda şəkərin səviyyəsi daha sabit qalır, toxluq hissi daha uzun davam edir və qəlyanaltıya ehtiyac azalır.

O əlavə edib ki, otellərdə və istirahət məkanlarında aclıq hissi daha çox problem yarada bilər, çünki ətrafda şirniyyat, dondurma və un məmulatları kimi seçimlər çox olur.

