Kompulsiv həddindən artıq yemə qida davranışı pozuntularının növlərindən biridir, lakin belə münasibətin arxasında çox vaxt sağlamlıq problemləri də dayana bilər.
Seçenov Universitetinin pedaqogika və tibbi psixologiya kafedrasının dosenti Anton Sorin RT-yə müsahibəsində bildirib ki, ilk növbədə mütəxəssisə müraciət etmək, sağlamlıq vəziyyətini yoxlatdırmaq, həmçinin həyat tərzinə və asudə vaxta münasibəti dəyişmək vacibdir.
O, əvvəlcə terapevt, endokrinoloq və ya qastroenteroloqa müraciət etməyi tövsiyə edib. Sorinin sözlərinə görə, qida davranışı pozuntuları çox vaxt somatik problemlərlə əlaqəli olur.
Əgər sağlamlıqla bağlı problem aşkarlanmasa və həddindən artıq yeməyin səbəbi psixoloji amillərdirsə, mütəxəssis qida ilə əlaqəsi olmayan müsbət emosiyalar axtarmağı məsləhət görür.
Onun fikrincə, həyatı mümkün qədər rəngarəng etmək, hobbi tapmaq, məsələn, həftədə bir dəfə ekskursiyaya getmək darıxma hissini yeməklə kompensasiya etməyin qarşısını ala bilər.
Psixoloq yaxınların dəstəyinin də böyük rol oynadığını vurğulayıb:
“Bir çox psixoloji pozuntunun əsasında tənhalıq problemi dayanır və qida davranışı pozuntuları da istisna deyil.”
Sorin bildirib ki, bu cür problemlər çox vaxt insanın özündən və həyatından narazılığı fonunda yaranır. Belə vəziyyətdə yemək ən asan və əlçatan həzz mənbəyinə çevrilə bilər.
Mütəxəssisin sözlərinə görə, bəzi hallarda insan fərqinə varmadan həyatındakı uğursuzluqları artıq çəki ilə əlaqələndirməyə və bununla izah etməyə başlayır.
Sorin sosial amillərin də qida davranışı pozuntuları və piylənmənin yaranmasında rol oynadığını qeyd edib. Bununla belə, onun fikrincə, maddi imkanların məhdudluğu sağlam qidalanmamaq üçün əsaslı səbəb deyil.

O bildirib ki, məsələn, qızılbalığı siyənəklə, rukkolanı kələmlə, kinoanı isə qarabaşaqla əvəz etmək mümkündür və beləliklə, sağlam qidalanma daha əlçatan ola bilər.
Mütəxəssis yekunda qeyd edib:
“Əsas məsələ daha çox sosial və maliyyə çətinliklərinin stress amilinə çevrilməsidir. İnsan isə bu stressdən uzaqlaşmaq üçün yağlı, şirin və ultraemal olunmuş qidalara üz tutur.”

