Oyandıqdan sonra ilk bir saat ərzində səhər yeməyi qəbul etmək gün ərzində iştahanı nəzarətdə saxlamağa və axşam həddindən artıq yeməyin qarşısını almağa kömək edir. Bu barədə Primorye Səhiyyə Nazirliyinin baş dietoloqu Olqa Yamilova RIA Novosti-yə bildirib.
“Səhər yeməyindən imtina etmək tövsiyə olunmur. Oyandıqdan sonra ilk bir saat ərzində qida qəbulu gün boyu enerji verir, iştahanı tənzimləyir və axşam həddindən artıq yemək riskini azaldır”, – deyə Yamilova qeyd edib.
Mütəxəssis vurğulayıb ki, yalnız yeməyin vaxtı deyil, keyfiyyəti də vacibdir. Onun sözlərinə görə, hər əsas qida qəbulunda zülallar, yağlar və karbohidratlar balanslı şəkildə olmalıdır.
Eyni zamanda, rafinə olunmuş və yüksək karbohidratlı məhsullardan, eləcə də fastfuddan uzaq durmaq tövsiyə olunur.
Dietoloq və nutrisioloq Anna Belousova isə bildirib ki, şirniyyata olan istəklə mübarizə tədricən aparılmalıdır. Onun sözlərinə görə, içkilərdə şəkərin miqdarını azaltmaq, desertləri isə yavaş-yavaş rasiondan çıxarmaq daha effektivdir.
O əlavə edib ki, cazibəni azaltmaq üçün şirniyyatları göz önündə saxlamamaq məsləhətdir.

