Yeməkdən sonra güclü yuxululuq bəzi təhlükəli halların əlaməti ola bilər. Bu barədə akademik B.V. Petrovski adına Rusiya Elmi Cərrahiyyə Mərkəzinin Sağlam Uzunömürlülük Təbabəti və Yaşlanma Biologiyası İnstitutunun direktoru Aleksey Moskalev KP.RUya müsahibəsində bildirib.
Mütəxəssis yeməkdən sonra narahatedici yuxululuğun səbəbləri arasında insulinə rezistentlik, xroniki iltihab və yuxu pozğunluğunu qeyd edib.
Onun sözlərinə görə, bu hallar ürək-damar xəstəlikləri, şəkərli diabet və digər sağlamlıq problemləri riskini artıra bilər.
“Qida qəbulundan sonra davamlı və açıq şəkildə yatmaq istəyi yaranırsa, həkimə müraciət etmək tövsiyə olunur”, deyə Moskalev vurğulayıb.
Həkimin sözlərinə görə, yuxululuğun səbəblərindən biri də şirniyyat və digər sürətli karbohidratlardan sonra qanda qlükoza səviyyəsinin kəskin dəyişməsi ola bilər.
Yeməkdən sonra yorğunluq hiss etməmək üçün mütəxəssis daha çox tam taxıllı məhsullar, tərəvəzlər və paxlalılar seçməyi, karbohidratları isə zülal və faydalı yağlarla birlikdə qəbul etməyi məsləhət görüb.
Bundan başqa, o, qida qəbulunda ardıcıllığa da diqqət etməyi tövsiyə edib: əvvəlcə tərəvəz və zülallı qidalar, daha sonra isə qarnir yeyilməlidir.
Ekspert eyni zamanda bildirib ki, nahardan sonra yüngül yuxululuq özlüyündə orqanizmin normal reaksiyası sayılır. Yeməkdən sonra həzmi dəstəkləyən parasimpatik sinir sistemi aktivləşir və bu, rahatlama hissi yaradır.
Gün ərzində istirahət istəyinin artması insanın bioloji ritmləri ilə bağlı təbii aktivlik azalması ilə də əlaqəli ola bilər.

