Çitmil ((cheat meal) )sərt pəhriz zamanı qida rejiminin pozulması riskini azaltmağa kömək edə bilər. Bu barədə məşqçi-dietoloq Olqa Yablokova NEWS.ru-ya açıqlama verib.
Mütəxəssisin sözlərinə görə, çitmil adi qidalanmadan kalori və tərkib baxımından fərqlənən tam bir yeməkdir. Burada karbohidrat və yağ miqdarı daha çox ola, gündəlik menyuda yer almayan qidalar daxil edilə bilər.
Yablokova vurğulayıb ki, çitmil əvvəlcədən planlaşdırılmalı, yorğunluq və ya güclü aclıq fonunda spontan qərara çevrilməməlidir. Bu yanaşma psixoloji gərginliyi azaldır və uzunmüddətli məhdudiyyətlərdən sonra həddindən artıq yeməyin qarşısını almağa kömək edir.
Onun sözlərinə görə, əsas qayda bütün günü və ya həftəsonunu həddindən artıq yeməyə çevirməmək, yalnız bir belə yeməklə kifayətlənməkdir.
Dietoloq qeyd edib ki, sevdiyiniz yeməkləri adi haldan bir qədər çox, lakin ölçülü şəkildə qəbul etmək daha məqsədəuyğundur. Çitmilin acqarına edilməməsi də vacibdir, çünki bu, həddindən artıq yeməyə səbəb ola bilər.
Mütəxəssis həmçinin boşqabın əsas strukturunun — zülal, mürəkkəb karbohidratlar, yağlar və tərəvəzlərin qorunmasını tövsiyə edib. Çitmil zamanı günün ümumi kalorisi arta bilər.
Yablokova belə yeməyi axşam saatlarına, xüsusilə ağır iş günündən sonraya salmamağı məsləhət görüb. Çitmildən sonra isə sadəcə adi qidalanma rejiminə qayıtmaq lazımdır və sonradan qidanı kəskin şəkildə azaltmaq tövsiyə edilmir.

