Çiyələk yarpaqlarının ekstraktı Parkinson xəstəliyi zamanı müşahidə olunan sinir hüceyrəsi zədələnmələrinə qarşı qoruyucu təsir göstərə bilər. Bu barədə araşdırmaları “Frontiers in Nutrition” jurnalında dərc olunan yapon alimləri məlumat veriblər.
Tədqiqatın ilkin mərhələsində alimlər çiyələk yarpağı ekstraktını rotenon adlı toksik maddənin təsirinə məruz qalmış sinir hüceyrələri üzərində sınaqdan keçiriblər. Rotenon hüceyrələrdə oksidləşdirici stress yaradır və mitoxondrilərin fəaliyyətini pozur.
Nəticələr göstərib ki, çiyələk yarpağı ekstraktı sinir hüceyrələrinin sağ qalmasına kömək edib, zərərli aktiv oksigen formalarının yaranmasını azaldıb və mitoxondrilərin fəaliyyətini yaxşılaşdırıb.
Daha sonra ekstrakt Parkinson xəstəliyinin modeli yaradılmış siçanlar üzərində sınaqdan keçirilib. Ekstrakt verilən heyvanlarda xəstəliyin inkişafında mühüm rol oynayan dopamin neyronlarının itkisi daha az olub. Eyni zamanda onların hərəkət pozuntularının da zəiflədiyi müşahidə edilib.
Alimlər bu təsiri çiyələk yarpaqlarının tərkibindəki polifenollarla əlaqələndirirlər. Bu maddələrin sinir hüceyrələrinin oksidləşdirici stress və mitoxondrial zədələnməyə qarşı təbii müdafiə mexanizmlərini aktivləşdirə biləcəyi ehtimal olunur.
Tədqiqatçılar gələcəkdə çiyələk yarpaqlarındakı bəzi birləşmələrin neyrodegenerativ xəstəliklərin profilaktikası və ya müalicəsi üçün yeni preparatların hazırlanmasında istifadə oluna biləcəyini düşünürlər. Bununla belə, nəticələr hələlik laboratoriya hüceyrələri və heyvan modellərinə əsaslanır.

