Kollagen tərkibli qida əlavələri dərinin elastikliyini artırmaq məqsədilə istifadə olunsa da, onların güclü cavanlaşdırıcı təsiri elmi baxımdan hələ təsdiqlənməyib.
Bu barədə plastik cərrah, dermatoveneroloq, kosmetoloq və FAR CLINIC-in təsisçisi Adel Fayzulina “Gazeta.Ru” nəşrinə müsahibəsində danışıb.

Mütəxəssisin sözlərinə görə, ağızdan qəbul edilən hidrolizə olunmuş kollagen orqanizmdə amin turşularına və peptidlərə parçalanır. Bədən isə həmin maddələrdən müxtəlif toxumaların formalaşması və bərpası üçün istifadə edir.
“Bəzi tədqiqatlarda kollagenin dərinin nəmlənməsini və elastikliyini yaxşılaşdırdığı müşahidə edilib. Lakin nəticələr hələ də birmənalı deyil və onun nəzərəçarpacaq cavanlaşdırıcı təsiri elmi cəhətdən sübut olunmayıb”, – deyə həkim bildirib.
Fayzulina kollagen tərkibli kremlərin təsirinə də aydınlıq gətirib. Onun sözlərinə görə, kollagen molekulları dərinin dərin qatlarına nüfuz etmək üçün həddindən artıq böyükdür. Bu səbəbdən belə kremlər əsasən dərinin səthində təsir göstərərək nəmləndirmə və müvəqqəti hamarlıq hissi yaradır.

Dermatoloq qeyd edib ki, kollagen peptidlərinin daxilə qəbulunun müəyyən üstünlükləri ola bilər. Lakin dəriyə çəkilən vasitələr əsasən nəmləndirici təsir göstərir.
“Dərinin vəziyyəti yalnız kollagendən asılı deyil. Qidalanma, hormonal balans, həyat tərzi, günəşdən qorunma və təbii qocalma prosesləri də mühüm rol oynayır. Kollagen dəriyə qulluğu tamamlaya bilər, amma onun təkbaşına yaşlanmanı dayandıracağını gözləmək düzgün deyil”, – deyə mütəxəssis vurğulayıb.

