Davamlı yorğunluq və halsızlıq hər zaman yuxusuzluq və ya stresslə bağlı olmaya bilər. Bəzən bu əlamətlər şəkərli diabetin ilkin xəbərçisi olur.
Bu barədə dietoloq-endokrinoloq Natalya Qorbunova mir24.tv-yə açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, görmənin zəifləməsi, xroniki yorğunluq, yaraların gec sağalması və tez-tez infeksiyalara yoluxma şəkərli diabetin diqqətdən yayınan əlamətləri sırasında yer alır.
Mütəxəssis izah edib ki, qanda qlükozanın yüksək olması görmə qabiliyyətinə, immun sisteminin fəaliyyətinə və yaraların sağalma prosesinə mənfi təsir göstərə bilər.

Davamlı susuzluq hissi, ağız quruluğu və tez-tez sidiyə getmək də diabetin xarakterik əlamətləri arasındadır.
“Şəkərli diabetin ilk əlamətləri o qədər zəif ifadə oluna bilər ki, insanlar onları yorğunluq, yaş və ya stresslə əlaqələndirirlər. Halbuki bu dəyişikliklər qanda qlükozanın yüksəlməsinin nəticəsi ola bilər”, – deyə həkim bildirib.
Qorbunova vurğulayıb ki, bu əlamətlərin hər biri ayrı-ayrılıqda diabet diaqnozu demək deyil. Lakin bir neçə simptom eyni vaxtda müşahidə olunursa, həkimə müraciət edərək qanda şəkərin səviyyəsini yoxlatdırmaq tövsiyə olunur.

