Davamlı yorğunluq, halsızlıq və gecələr baş verən əzələ qıcolmaları orqanizmdə kalium çatışmazlığının əlaməti ola bilər.
Bu barədə dietoloq, tibb elmləri namizədi, Sklifosovski adına Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Darya Rusakova 360.ru-ya açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, kalium çatışmazlığı (hipokalemiya) ilkin mərhələdə demək olar ki, hiss olunmaya bilər. İnsanlar zəiflik və tez yorulmanı çox vaxt yuxusuzluq və həddindən artıq işləməklə əlaqələndirirlər.
Mütəxəssis kalium çatışmazlığının əsas əlamətləri sırasında əzələ qıcolmalarını, ürək ritmində pozuntuları, davamlı yorğunluğu və qəbizliyi qeyd edib.
Rusakovanın sözlərinə görə, problemin yaranmasına kaliumla zəngin qidaların az qəbulu, sidikqovucu dərmanlar və susuzlaşmaya səbəb olan mədə-bağırsaq xəstəlikləri təsir göstərə bilər.

Həkim kalium mənbəyi kimi quru ərik, ağ lobya, qara gavalı, ispanaq, sobada bişmiş kartof, balıq, ət və təbii yoqurtu tövsiyə edib.
Bildirilib ki, məhsullar qaynadılarkən kaliumun bir hissəsi suya keçir. Buna görə tərəvəzləri qabıqlı şəkildə sobada bişirmək və ya buxarda hazırlamaq mineralın daha yaxşı qorunmasına kömək edir.
Qeyd edək ki, bu əlamətlər təkcə kalium çatışmazlığına xas deyil. Dəqiq diaqnoz üçün qan analizi və həkim müayinəsi lazımdır.

