Terapevt Zarema Ten bildirib ki, narahatlıq, yuxululuq və ətrafların keyiməsi orqanizmdə maqnezium çatışmazlığını göstərə bilər.
Bu barədə o, NEWS.ru-ya açıqlamasında danışıb.
Həkimin sözlərinə görə, bu əlamətlər tədricən yaranır və onların şiddəti maqnezium çatışmazlığının müddətindən asılı olaraq dəyişə bilər.
Mütəxəssis qeyd edib ki, maqnezium “antistress mineralı” hesab olunur və o, orqanizmdə 300-dən çox fermentativ reaksiyada iştirak edir. Bu mikroelement sinir impulslarının ötürülməsi, əzələlərin yığılması, ürəyin fəaliyyəti və enerji istehsalı üçün vacibdir.
Erkən əlamətlərə yuxudan sonra keçməyən yorğunluq, göz qapağının və ya barmaqların titrəməsi, gecə ayaq qıcolmaları, narahatlıq və əsəbilik, qəbizlik daxildir.
Gec mərhələdə isə davamlı keyimə, aritmiya, qan analizlərində kalium və kalsium səviyyəsinin azalması müşahidə oluna bilər.

