Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 4-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, arabir tutulmuş olacaq. Əsasən yağmursuz hava gözlənilsə də, səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Arabir güclənən şimal-qərb küləyi axşama doğru zəifləyəcək.
Bakıda və Abşeronda havanın temperaturu gecə 17-20 dərəcə, gündüz 23-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 millimetr civə sütunu, nisbi rütubət gecə 70-75 faiz, gündüz isə 45-50 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağıntının intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var. Axşam saatlarında yağıntı tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Rayonlarda havanın temperaturu gecə 14-18 dərəcə, gündüz 22-27 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 5-10 dərəcə, gündüz isə 10-15 dərəcə isti gözlənilir.

