Mayın 17-də Azərbaycanda hava şəraitinin dəyişkən keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq. Yarımadanın bəzi yerlərində yağıntının intensivləşəcəyi, şimşək çaxacağı ehtimal olunur.
Arabir güclənən şimal-qərb küləyi gündüz saatlarında mülayimləşəcək.
Paytaxtda havanın temperaturu gecə 14-16 dərəcə, gündüz isə 17-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 752 millimetr civə sütunu, nisbi rütubət isə 75-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında da bəzi yerlərdə arabir yağıntı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağışın intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə yağıntının qara keçəcəyi ehtimal edilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı ərazilərdə arabir güclənəcək.
Rayonlarda havanın temperaturu gecə 13-16 dərəcə, gündüz 21-26 dərəcə isti, dağlıq ərazilərdə gecə 4-9 dərəcə, gündüz 12-17 dərəcə, bəzi yerlərdə isə 20-22 dərəcə isti olacaq.

