Bakının Suraxanı və Binəqədi rayonlarında yol-təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, məhdudiyyətlər 14–16 oktyabr tarixlərində mərhələli şəkildə tətbiq olunacaq.
Suraxanı rayonunun Hövsan qəsəbəsində 14 oktyabr saat 08:00-dan Elvin Alimov küçəsinin Ağadadaş Müniri küçəsi ilə kəsişməsindən 10-cu Hövsan küçəsi ilə kəsişməsinədək olan hissəsində hərəkət qismən məhdudlaşdırılacaq.
Binəqədi rayonunda isə 15 oktyabr saat 08:00-dan Binəqədi şossesinin Mehdiabad yolu ilə kəsişməsindən Zəngəzur küçəsinədək olan hissəsində hərəkət qismən məhdudlaşdırılacaq.
Həmin yol sahəsində 16 oktyabr saat 23:00-dan etibarən hərəkət tam dayandırılacaq.
Agentlik sürücülərə tıxacların qarşısını almaq üçün əvvəlcədən alternativ marşrutlar seçməyi və hərəkət zamanı diqqətli olmağı tövsiyə edib.

