Bakıda aparılacaq təmir işləri ilə əlaqədar bir neçə küçə və yolda nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət qoyulacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, Xarici Dairəvi avtomobil yolunun Şamaxı istiqamətindəki köməkçi yolunda — Fərman Salmanov küçəsindən Əsəd Əhmədov küçəsinədək olan hissədə hərəkət 1 avqust saat 06:00-dan 3 avqust saat 06:00-dək tam dayandırılacaq.
Həmçinin 1–3 avqust tarixlərində Şeyx Şamil küçəsinin Hüseyn Seyidbəyli küçəsindən İstiqlaliyyət küçəsinədək, eləcə də Lermontov küçəsinin Bünyad Sərdarov küçəsindən Şeyx Şamil küçəsinədək olan hissələri tam bağlanacaq.
Mikayıl Müşfiq küçəsində — Mətbuat prospektindən Parlament prospektinədək — hərəkət 31 iyul saat 20:00-dan 3 avqust saat 06:00-dək qismən məhdudlaşdırılacaq.
Şıxəli Qurbanov küçəsinin Füzuli küçəsindən Salatın Əsgərova küçəsinədək olan hissəsində isə həmin müddətdə hərəkət tam dayandırılacaq.
Sürücülərə marşrutlarını əvvəlcədən planlaşdırmaq, alternativ yollardan istifadə etmək və müvəqqəti yol nişanlarının tələblərinə əməl etmək tövsiyə olunub.

