Bu gün, oktyabrın 16-da Bakının Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.
Bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, elektrik təchizatının keyfiyyətinin və etibarlılığının artırılması məqsədilə transformator yarımstansiyalarında təmir və yenidənqurma işləri aparılacaq.
Yasamal rayonunda saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Mirəli Seyidov, Nəriman Nərimanov, Rahib Tağıyev və Vasif Əliyev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Fasilə rayonun Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində yerləşən transformator yarımstansiyasında aparılacaq işlərlə əlaqədardır.
Xəzər rayonunda isə saat 10:00-dan 13:00-dək Albalılıq və Binə Atçılıq yaşayış massivlərində, eləcə də Buzovna qəsəbəsinin Abşeron küçəsinin bəzi hissələrində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.
Buna səbəb 35/6 kV-luq 491 nömrəli yarımstansiyada aparılacaq təmir işləridir.
“Azərişıq” ASC bildirib ki, işlər başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlər daha keyfiyyətli və etibarlı elektrik enerjisi ilə təmin olunacaqlar.

