Bakının Yasamal, Sabunçu və Xəzər rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.
“Azərişıq” ASC-dən verilən məlumata görə, sentyabrın 22-də qeyd olunan rayonların elektrik şəbəkələrində təmir və yenidənqurma işləri aparılacaq.
Yasamal rayonunda saat 10:00-dan 13:00-dək Ələsgər Ələkbərov, Xaqan Dadaşov, İsmayıl Talıblı, Vasif Əliyev, Zahid Kərimov və Zaur Kərimov küçələrində, eləcə də Hüseyn Cavid və Mətbuat prospektlərinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Sabunçu rayonunun Bakıxanov qəsəbəsində saat 09:00-dan 13:00-dək Şərq və Ramiz Qəmbərov küçələrində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq. Buna səbəb yeni özünüdaşıyan izolyasiyalı naqillərin çəkilməsi ilə bağlı aparılan işlərdir.
Xəzər rayonunda isə saat 10:00-dan 15:00-dək Buzovna qəsəbəsinin Albalılıq yaşayış massivinin bəzi hissələrində, həmçinin Abşeron və İzmir küçələrində elektrik enerjisinin verilişində məhdudiyyətlər tətbiq olunacaq. Ərazidə 6 kV-luq elektrik kabellərinin dəyişdirilməsi işləri həyata keçiriləcək.
“Azərişıq” ASC-dən bildirilib ki, işlər başa çatdıqdan sonra elektrik enerjisi təchizatının keyfiyyəti və dayanıqlılığı yüksələcək.

