Sentyabrın 4-də Bakı şəhərinin və Abşeron rayonunun bir sıra yaşayış məntəqələrində elektrik enerjisi təchizatının keyfiyyətinin artırılması və artan tələbatın qarşılanması məqsədilə elektrik şəbəkələrində təmir işləri aparılacaq.
Bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Məlumata görə, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində yerləşən transformator məntəqəsində aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək II Alatava yaşayış massivinin bir hissəsində, Abbas Mirzə Şərifzadə və Tağı Şahbazi küçələrində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində yerləşən 10 kV-luq elektrik verilişi xəttində də təmir işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 15:00-dək Kazımağa Kərimov küçəsində elektrik enerjisinin verilişi dayandırılacaq.
Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində yerləşən “Masazır” yarımstansiyasında (110/35/10 kV) rekonstruksiya işləri nəzərdə tutulub.
Bu səbəbdən saat 01:00-dan 03:00-dək Masazır qəsəbəsində Heydər Əliyev, Zərifə Əliyeva, Rafiq Dünyamalıyev və Əliağa Vahid küçələrinin bəzi hissələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
“Azərişıq” ASC bildirib ki, işlər başa çatdırıldıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

