Bu gün Bakının Yasamal rayonunda və Abşeron rayonunun Masazır qəsəbəsində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
Bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) transformator məntəqəsində təmir işləri aparılacaq, 10 kV-luq hava xətlərində isə naqillər yenilənəcək.
Eyni zamanda Abşeron RETSİ-nin xidmət ərazisində yerləşən 35/10 kV-luq “Masazır” yarımstansiyasından çıxan 10 kV-luq “Şəhər-2” hava xəttində də müvafiq işlərin görülməsi nəzərdə tutulub.
Təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Yasamal rayonunun Abbas Mirzə Şərifzadə, Əbdürrəhim bəy Haqverdiyev, Əhməd Cəmil, Müzəffər Həsənov, Ümid Əkbərov və Zahid Xəlilov küçələrinin bəzi hissələrində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Bundan başqa, 10 kV-luq elektrik xəttinin yenidən qurulması ilə əlaqədar saat 08:00-dan 18:00-dək Yasamal rayonunun Xaqan Dadaşov, Kamal Rəhimov, Murad Mirzoyev, Mir Möhsün Nəvvab, Nazim Hacıyev, Raqib Tağıyev və Ümid Əkbərov küçələrinin bəzi ərazilərində elektrik enerjisinin verilişində planlı fasilə yaranacaq.
Həmçinin saat 10:00-dan 13:00-dək Abşeron rayonunun Masazır qəsəbəsində Azadlıq, İstiqlaliyyət, Qara Qarayev və Sahil küçələrində, eləcə də “Zəngilan” şəhərciyinin bəzi hissələrində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr gözlənilir.
İşlər başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

